Rusiyanın nüfuzlu elmi-təcrübi jurnalında “Tullantıların idarəolunması: Bakının təcrübəsi” adlı məqalə dərc olunmuşdur
Bakı, 1 avqust (AZƏRTAC). Rusiyanın nüfuzlu “Bərk məişət tullantıları” elmi-təcrübi jurnalında “Tullantıların idarəolunması: Bakının təcrübəsi” adlı məqalə dərc edilmişdir. Məqalədə Azərbaycanda, xüsusən də Bakıda ətraf mühitin mühafizəsi və tullantıların düzgün şəkildə idarə olunması işinin təşkili üzrə son illərdə görülən tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumatlar öz əksini tapmışdır.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən məlumat verilmişdir.
Məqalədə bildirilir ki, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən, “Təmiz Şəhər” ASC 2009-cu ildən fəaliyyətə başlamış və Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etmək işlərini həyata keçirir. Məqalədə ASC-nin balansına verilmiş Balaxanı poliqonunda görülən işlərdən də geniş şəkildə bəhs olunur.
Jurnalda həmçinin, tullantıların düzgün şəkildə zərərsizləşdirilməsi məqsədi ilə yaradılmış Bərk Məişət Tullantılarının Yandırılması Zavodu barədə geniş məlumat verilir. Qeyd olunur ki, dördüncü nəsil texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitinin mühafizəsi sahəsində ən sərt normativlərinə cavab verəcək şəkildə inşa olunmuş zavod istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavoddur.
Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ilə bağlı məqalədə qeyd olunur ki, bu zavod təkrar emal sənayesinin inkişaf etdirilməsi məqsədi ilə inşa olunmuşdur. İllik gücü 200 min ton olan zavod ölkədə tullantıların çeşidlənməsi üzrə ilk pilot layihədir.
Məqalədə tullantıların çeşidlənmiş şəkildə toplanması işinin həyata keçirilməsi məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi və İçərişəhər ərazisində reallaşdırılan layihələr haqqında məlumatlar da diqqətə çatdırılır və “yaşıl düşüncə” tərzinin inkişaf etdirilməsi istiqamətində keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunur.
Qeyd edək ki, MDB məkanında tullantıların idarəolunması sahəsində nüfuzlu nəşrlərdən olan “Bərk məişət tullantıları” jurnalı tullantıların toplanması, çeşidlənməsi, zərərsizləşdirilməsi, yandırılması və təkrar emalı üzrə mütəxəssislər, müvafiq dövlət qurumları üçün nəzərdə tutulmuşdur. Jurnalın hər nömrəsində müxtəlif dünya ölkələrinin təcrübəsindən bəhs edən məqalələr nəşr edilir. Jurnalda dərc olunan materiallar elmi-tədqiqat institutlarının aparıcı əməkdaşları, tullantılarla rəftar üzrə nəzarət və idarəetmə işlərini həyata keçirən müəssisə və dövlət nümayəndələri tərəfindən hazırlanır.