Rusiyanın regionlarına kütləvi PUA hücumu nəticəsində iki nəfər ölüb
Rusiyanın regionlarına pilotsuz uçuş aparatları ilə kütləvi hücum nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb.
AZƏRTAC Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus təyyarə tipli 777 pilotsuz uçuş aparatını məhv edib. PUA-lar Rusiyanın bir sıra regionları, həmçinin Qara və Xəzər dənizlərinin akvatoriyaları üzərində vurulub.
Tula vilayətinin qubernatoru Dmitri Milyayevin məlumatına görə, dron hücumu nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.
Volqoqradda Krasnoarmeysk rayonunun Malaya Zemlya Qəhrəmanları küçəsində yerləşən çoxmənzilli yaşayış binasına ziyan dəyib. İki kişi xəsarət alıb və xəstəxanaya yerləşdirilib. PUA qalıqları şəhərin cənubunda yerləşən sənaye müəssisəsinin ərazisinə də düşüb. Volqoqrad administrasiyası ümumilikdə iki çoxmənzilli yaşayış binasına ziyan dəydiyini bildirib.
Saratov vilayətində mülki infrastruktur obyektlərinə ziyan dəydiyi qeydə alınıb, xəsarət alan olmayıb. Saratovda “Ozon” şirkətinin logistika mərkəzi və çatdırılma şəbəkəsi də hücuma məruz qalıb. Obyektdə yanğın baş verib, əməkdaşlar təxliyə olunublar.
Nijni Novqorod vilayətində 51 pilotsuz uçuş aparatının hücumu dəf edilib. Dzerjinsk şəhərində çoxmənzilli və fərdi yaşayış evlərinə, həmçinin avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb.
Rostov vilayətinin Millerovo rayonunda pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 10 fərdi yaşayış evinə və təsərrüfat tikililərinə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Fəridə Abdullayeva