Rusiyanın regionlarına PUA hücumları nəticəsində on nəfər xəsarət alıb
Moskva, 10 sentyabr, AZƏRTAC
Rusiyanın regionlarına PUA hücumları nəticəsində bir qadın həlak olub, daha on nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri təyyarə tipli 448 pilotsuz uçuş aparatını məhv edib.
Ən ağır nəticələr Voronej vilayətində qeydə alınıb. Regionun qubernatoru Aleksandr Qusev bildirib ki, pilotsuz uçuş aparatının qalıqları Borisoqlebskdə fərdi yaşayış evinin üzərinə düşüb və bundan sonra yanğın baş verib. Evdə qadın həlak olub, daha iki nəfər xəsarət alıb. Şəhərətrafı dairələrdən birində yanğın nəticəsində yaşayış evi tamamilə yanıb. Digər rayonda çoxmənzilli və fərdi yaşayış evlərinin şüşələri, altı avtomobil və qarajın dam örtüyü zədələnib.
Soçidə ekipajsız katerlərin hücumu nəticəsində sahilboyu ərazidə yanğın baş verib. Krasnodar diyarının operativ qərargahının son məlumatına görə, səkkiz nəfər xəsarət alıb, onlardan beşi xəstəxanaya yerləşdirilib. Çimərlik infrastrukturu və ona bitişik Primorskaya sahilboyu ərazisinin bir hissəsi zədələnib.
Dağıstanda PUA qalıqlarının düşməsindən sonra Mahaçqaladakı liman infrastrukturunun obyektlərində və Həmzət Tsadasının adına Avar Musiqili-Dram Teatrının binasında yanğınlar baş verib. Respublika rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Fyodor Şukinin bildirdiyinə görə, yanğınlar operativ şəkildə söndürülüb, ölən və xəsarət alan olmayıb.