Saatlıda 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Saatlı, 1 aprel (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Saatlı şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad etmişlər.
Mərasimdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ermənilərin total ideoloji təcavüz, terror və irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunan soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın dədə-baba torpaqlarından qovulduğunu, on minlərlə günahsız azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyini bildirmişdir. Erməni millətçilərinin 200 ilə yaxın bir dövrdə azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri pisləyən S.Cabbarov soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasınada, bu hadisələrə hüquqi və siyasi qiymətin verilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Digər çıxışlarda ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti pislənmiş, mənfur düşmənlərimizin çirkin əməllərini bu gün də davam etdirdiyi, Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında qaldığı, bir milyondan artıq soydaşımızın olmazın əziyyətlərə düçar olduğu, əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatı yaşadıqları vurğulanmışdır.
Natiqlər nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinə məhəl qoymayan ermənilərin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə layiqli cəzalarını alacaqlarına, zəbt edilmiş torpaqlarımızın azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirmişlər.