CƏMİYYƏT
Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 9-11° isti olacağı bildirilir. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu 774 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 11-16° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 3-7° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, dağlarda 1-3° şaxta, gündüz 3-7° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 8-18° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində gün ərzində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 9-14° isti, dağlarda gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.