Sabirabadda 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılmışdır
Sabirabad, 1 aprel (AZƏRTAC). Sabirabadda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı faciə qurbanlarının xatirəsinə ucaldılmış “Kədərli Ana” abidə kompleksinin önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Sonra anma mərasimi şəhər mədəniyyət evində davam etdirilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tarixin müxtəlif mərhələlərində ermənilər və onların havadarları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söhbət açmışdır. Bildirilmişdir ki, 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla bu soyqırımına hüquqi qiymət verilmişdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərin əsl simasının ifşa olunması, onların törətdikləri qanlı cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm tədbirlər həyata keçirilir.
Digər natiqlər də ermənilərin xalqımıza qarşı həyata keçirdikləri amansız soyqırımı siyasətindən danışmış, mənfur düşmənlərimizin törətdikləri cinayətlərlə bağlı həqiqətlərin təbliğində dövlətimizin başçısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda əlillərdən ibarət “Mübarizlər” qrupunun iştirakı ilə “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.