REGİONLAR
Sabirabadda yol polisi reyd keçirib
Sabirabad, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbirlər zamanı 20-dən çox qayda pozan sürücü saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən rayonun əsas küçə və prospektlərində postlar təşkil edilib.
Sabirabad RPŞ-nin DYP bölməsinin rəisi Rasim Əliyev bildirib ki, reydlər zamanı qaydaları pozan sürücülər aşkar edilib. Belə ki, saxlanılan bir çox avtomobilin zəhərli qazları normadan artıq ixrac etdiyi üzə çıxıb, qanun çərçivəsində həmin sürücülərə qarşı tədbirlər görülüb. Bundan başqa, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən sürücülər də aşkar edilib. Avtomobilə əlavə avadanlıqlar quraşdıran, yol hərəkəti qaydalarını pozan sürücülər də polisin nəzərindən yayınmayıb.
Reyd zamanı digər qayda pozanlar arasında işıqfora məhəl qoymayan, avtomobili nömrəsiz idarə edən, sükan arxasında telefonla danışaraq qayda pozan sürücülər saxlanılıb.
Tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.