Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma aparılır
Şabran, 5 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakini R.Ağamirzəyevə koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib və müalicə müddətində yaşayış yerini tərk etməməsi, qaydalara ciddi riayət etməsi tapşırılıb.
Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yoxlanılması zamanı isə həmin şəxsin qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
R.Ağamirzəyevin olduğu yer polis əməkdaşları tərəfindən qısa müddətdə müəyyənləşdirilib və o, yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.