Sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlayır
Bakı, 29 avqust (AZƏRTAC). Elektron xidmətlərdən istifadədə bərabərlik prinsipini əsas götürən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına müraciət edənlər arasında sağlamlıq imkanları məhdud insanların çoxluğunu nəzərə alaraq sosial yönümlü yeni aksiyaya başlayır.
RİTN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aksiya hələlik Bakı şəhərini əhatə edəcəkdir.
“Elektron hökumət” portalından istifadə zamanı təqdim edilən daxilolma vasitələrinin (sadələşdirilmiş kod parol, elektron imza və s.) əldə edilməsi üçün vətəndaşın sosial sığorta kartı, sürücülük vəsiqəsi və ya ümumvətəndaşlıq pasportunun olması şərtdir və ya vətəndaş müvafiq qeydiyyat məntəqələrinə gedərək fiziki surətdə identifikasiya olunmalıdır. Lakin əksər hallarda əlil vətəndaşlarımızın heç də hamısı bu sənədlərə malik deyillər və qeydiyyat məntəqələrinə getmək onlar üçün əlçatan deyildir.
Beləliklə, “Elektron hökumət” portalının verdiyi imkanlardan bərabər hüquqla yararlanma imkanlarının yaradılması üçün MHM tərəfindən xüsusi qeydiyyat bölməsi yaradılmışdır. Evində kompyuteri və ya mobil planşeti, eyni zamanda, internetə çıxışı olan, kompyuterlə işləmək bacarıqlarına malik və ya yardımçısı olan əlil vətəndaşlarımız şəxsiyyət vəsiqəsində yer alan məlumatları səhih olaraq müraciət formasında doldurmalıdırlar.
Bundan sonra “Elektron hökumət” portalı vətəndaşın həqiqətən əlil olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazasından dəqiqləşdirəcəkdir. Dəqiqləşmədən sonra vətəndaşlarımızla əlaqə saxlayan “Elektron hökumət” portalının əməkdaşları uyğun vaxt ərzində evlərə gedərək, əlilləri identifikasiya etməklə, onlara portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol təqdim edəcəklər.
Eyni zamanda, həmin şəxslərə portaldan istifadə qaydaları barədə yerindəcə zəruri biliklər veriləcəkdir.