Sahibkarlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Qəbələ, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Marsol” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində sahibkarlar üçün təşkil edilən açıq qapı - infotur zamanı qonaqlara mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, işəgötürənlərlə əməkdaşlıq istiqamətində görülən işlər barədə geniş məlumat verilib. İnfoturda Bakı, Qəbələ və regionun sahibkarları iştirak ediblər.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzin mühəndis-pedaqoji heyət tərəfindən həyata keçirilən master-klaslarda iştirak edən qonaqlar burada tədris olunan “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi”, “Dərzi”, “Xalçaçı”, “Dülgər”, “Qaynaqçı” və digər ixtisaslar barədə ətraflı məlumat əldə ediblər.
Sahibkarlar Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə də tanış olub, emalatxanalara, dəzgahlara, sinif otaqlarına, üzümçülük ixtisası üzrə təcrübə sahəsinə, ümumilikdə, mərkəzin ərazisinə baxış keçiriblər. Sahibkarlar infoturda iştiraklarından məmnunluqlarını bildirib, Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, biznes müəssisələri ilə əməkdaşlığın stimullaşdırılması, uğurlu əməkdaşlıq mühitinin formalaşdırılması, ixtisaslı kadrların hazırlanması və iqtisadiyyatın inkişafına töhfə verilməsi, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini vurğulayıblar.