Sahibkarlar üçün əməyin mühafizəsi mövzusunda təlim-seminar keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatının dəstəyi (BƏT), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Əməyin mühafizəsi sahəsində işəgötürənlərin rolu” adlı təlim-seminar keçirilib.
AZƏRTAC xəbər verir k, təlim əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin yaradılmasında işəgötürənlərin rolu və onların əmək müfəttişləri ilə bu sahədə əməkdaşlığı mövzusunda müzakirələrlə başlayıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təlimin məqsədi sahibkarlıq subyektlərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması və yaxşı təcrübələrin öyrənilməsidir.
“Bu sahəyə maraq çox böyükdür. Hökumət əməyin mühafizəsi ilə bağlı çox böyük işlər görür. Bu təlimlərə marağın böyük olması onu göstərir ki, biz hələ də maarifləndirmə işlərini davam etdirməliyik. Azərbaycanda dövlət müəssisələrini çıxmaq şərtilə demək olar ki, bütün qeyri-dövlət müəssisələrində qeyri-formal məşğulluq mövcuddur. Bu istiqamətdə monitorinqlər aparılıb, buna qarşı tədbirlər görülür”, - deyə V.Zeynalov söyləyib.
BƏT-in işəgötürənlərin fəaliyyəti üzrə baş mütəxəssisi Vladimir Curoviç isə bir sıra ölkələrdə əmək müfəttişliklərinin fəaliyyətinin qənaətbəxş olmadığını deyib.
Təlimçi qismində BƏT-in Əməyin mühafizəsi sahəsində eksperti Valentin Mokanu “Əmək müfəttişliyi: rol və funksionallıq”, “Kimlər əmək müfəttişləri hesab olunur və onların işi nədən ibarətdir”, “Yoxlama işinin təşkili necə həyata keçirilir?” mövzusunda çıxışları dinlənilib.
Qeyd edək ki, təlim-seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları iştirak ediblər.
Təlim-seminar işini noyabrın 22-də davam etdirəcək.