Şahmat üzrə klublar arasında Avropa kubokunda komandalarımız böyük hesabla qalib gəliblər
Bakı, 20 oktyabr, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa kubokunda ikinci tur başa çatıb. Turnirin sonuncu qalibi “SOCAR-Azərbaycan” Almaniyanın “Verder” klubuna 5:1 hesabı ilə qalib gəlib.
“SOCAR-Azərbaycan” klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışa uğurla başlayan digər klubumuz “Odlar Yurdu” da inamlı çıxışını davam etdirib. İsveçrənin “Cenevrə” komandası ilə qarşılaşan təmsilçimiz 6:0 hesablı qələbə sayəsində Avropa kubokunda liderliyə yüksəlib.
Turnir cədvəlində ilk pillədə dörd xalla “Odlar Yurdu” (Azərbaycan), “Alkaloid” (Makedoniya), SŞM (Rusiya) və “SOCAR-Azərbaycan” komandaları qərarlaşıb.
Növbəti turda “SOCAR-Azərbaycan” və “Odlar Yurdu” Rusiya klublarına qarşı mübarizə aparacaq.