REGİONLAR
Salyan-Şirvan avtomobil yolunun 6 kilometrlik hissəsində tikinti işləri yekunlaşıb VİDEO
Bakı, 30 mart, AZƏRTAC
İstismar müddəti bitmiş respublika əhəmiyyətli Salyan-Şirvan avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur. Hazırda sözügedən ərazidə yol əsasının tikintisi işləri aparılır.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, uzunluğu 31 kilometr, yol yatağının eni 13-15 metr olan yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Artıq yolun 6 kilometrdən çox hissəsində əsaslı tikinti işləri həyata keçirilib və asfalt-beton örtüyü çəkilib.
Ümumilikdə isə tikinti işləri çərçivəsində 300 min kvadratmetr sahəyə 3 qat olmaqla 25 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək.
Layihəyə uyğun olaraq yola 25 ədəd dəmir borular və bir suötürücü qurğu da quraşdırılacaq. Daha sonra zəruri olan hissələrdə 362 ədəd yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, respublika əhəmiyyətli yolun “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.