Salyanda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barədə inzibati tənbeh tədbiri görülüb
Salyan, 28 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb və avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, eyni qayda pozuntusuna yenidən yol verən sürücülər barəsində isə inzibati tənbeh tədbiri görülüb.