Şamaxı: iqtisadiyyat dinamik inkişaf edir, insanların həyat səviyyəsi yüksəlir
Şamaxı, 26 fevral (AZƏRTAC). Keçən il Şamaxıda ümumi məhsul buraxılışı inişilki illə müqayisədə 10,8 faiz artaraq 154 milyon 746,1 min manata çatdırılmış, əsas kapitala yönəldilən investisiyaların həcmi 11,4 faiz yüksələrək 93,1 milyon manat təşkil etmişdir.
2010-cu ildə rayonun büdcəsi əvvəlki ilə nisbətən xeyli artaraq 18,4 milyon manata çatmışdır. Müqayisə olunan dövrdə orta aylıq əmək haqqı 16,6 faiz artaraq 218 manat olmuşdur.
Bu rəqəmlər Şamaxıda 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir. Yığıncağa dəvət olunmuş 300 nəfərdən çox nümayəndə və qonaqlar əvvəlcə rayon mədəniyyət evinin geniş foyesində təşkil olunmuş sərgiyə baxmışlar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov əvvəlcə rayon iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatındakı vəziyyəti geniş təhlil etmişdir. Qeyd olunmuşdur ki, hesabat ilində 18599 hektar sahənin taxılı yığılmış, 31618 ton məhsul götürülmüşdür. Rayonda 6 özəl toxumçuluq təsərrüfatında 1300 ton taxıl istehsal olunmuşdur ki, bundan 900 tonu toxumluqdur.
Ötən il rayonda üzümçülüyə diqqət artırılmış, 85 hektarda yeni plantasiyalar salınmışdır. Beləliklə də üzümlüklərin sahəsi 1125 hektara çatdırılmışdır. Təsərrüfatın bu sahəsinin perspektivləri nəzərə alınaraq ötən il süfrə üzümünün saxlanılması üçün 10 min tonluq soyuducunun tikintisinə başlanılmışdır.
Yığıncaqda Şamaxı rayonunda həyata keçirilən böyük tikinti-quruculuq, abadlıq işlərindən, bununla əlaqədar həyata keçirilən layihələrdən geniş bəhs olunmuşdur. Göstərilmişdir ki, Prezident İlham Əliyevin 2008-ci il 5 sentyabr və 2009-cu il 21 iyul tarixli sərəncamlarına uyğun olaraq AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün 8 milyon manat vəsait ayrılmışdır. 2009-cu ildən etibarən rəsədxanada başlanan işlər keçən il də planauyğun şəkildə davam etdirilmişdir.
Dövlətimizin başçısının 2009-cu il 24 dekabr tarixli Sərəncamı ilə Şamaxı Cümə məscidi dövlət tarixi memarlıq abidəsinin bərpası üçün 4 milyon manat vəsait ayrılmışdır. Hazırda “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Cümə məscidinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulması və bərpası işləri yüksək səviyyədə davam etdirilir.
2010-cu ildə Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankının sazişi çərçivəsində “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun tikinti layihəsi” uğurla başa çatdırılmışdır. Yolun müasir standartlara uyğun yenidən qurulması və bərpa edilməsi əhali tərəfindən böyük razılıqla qarşılanmaqla rayon iqtisadiyyatının inkişafına da öz töhfəsini verməkdədir.
Keçən il rayonda Olimpiya İdman Mərkəzinin yenidən qurulmasına və genişləndirilməsinə, burada 3 min yerlik örtülü stadionun tikintisinə başlanılmışdır. Bundan başqa ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaq İncəsənət Məktəbi üçün yeni binanın inşası, “Şamaxı” mehmanxanasının yenidən qurulması və genişləndirilməsi işləri, “Şərədil” istirahət kompleksində 5 ulduzlu hotelin, “Fəxri guşə” istirahət mərkəzinin bazasında müasir standartlara cavab verən turizm obyektinin və s. tikintisi davam etdirilmişdir. Respublika Vergilər Nazirliyinin Nağaraxana kəndi ərazisində tədris və istirahət kompleksinin inşası başa çatdırılmışdır.
Hesabat yığıncağında Heydər Əliyev Fondunun Şamaxıya daim diqqət və qayğısı minnətdarlıqla qeyd edilmiş və göstərilmişdir ki, Fondun təşəbbüsü ilə ötən ildən başlanan “Şamaxı - təmiz şəhər” pilot layihəsi həyata keçirilir. Turizm potensialı yüksək olan bölgədə bu layihənin xüsusi əhəmiyyəti vurğulanaraq bildirilmişdir ki, layihə çərçivəsində rayona 2 yeni avtobus, məişət tullantıları daşıyan ixtisaslaşdırılmış 3 avtomaşın hədiyyə edilmişdir. Bu layihənin bazası əsasında “Şamaxı - təmiz şəhər” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Hesabat yığıncağında rayondaxili yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatının daha yaxşı ödənilməsi, rabitə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması sahəsində görülmüş işlər, habelə həlli vacib məsələlər ətraflı müzakirə olunmuşdur.
Təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar xeyli işlərin görüldüyü, ayrı-ayrı sahələrin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər də hərtərəfli təhlil olunmuşdur.
İstər məruzədə, istərsə də çıxışlarda dəfələrlə belə bir fikir səsləndirilmişdir ki, şamaxılılar ulu öndərimiz Heydər Əliyevin ideyalarına daim sadiq qalacaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin daha da çiçəklənməsində əllərindən gələni əsirgəməyəcəklər.
Hesabat yığıncağında Milli Məclisin deputatı Elxan Süleymanov və Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış etmişlər.