Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb
Bakı, 1 mart, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan bir kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.
Həmçinin Şamaxı rayonunda qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 5-i könüllü, 2-si əməliyyat yolu ilə olmaqla ümumilikdə 7 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.