Şamaxıda yerləşən heyvan bazarının yaxın günlərdə açılışı olacaq
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin müasir tələblərə uyğunlaşdırılması sahəsində görülən tədbirlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı rayonunda yerləşən heyvan bazarında müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib.
Bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi təcridxanalar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub.
Bundan başqa, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb.
Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Şamaxıdakı heyvan satışı bazarının açılması məsələsinə baxılması nəzərdə tutulur.
Daha ətraflı məlumat üçün linkə keçid etmək olar.