Samir Rəsulov: Kritik infrastrukturların kibermüdafiəsində müəyyən qaydalar və qanunlar müəyyənləşdirilməlidir
Bakı, 26 oktyabr, AZƏRTAC
Kritik infrastrukturların kibermüdafiəsində müəyyən qaydalar və qanunlar müəyyənləşdirilməlidir. Kritik infrastruktur məlumatları və fərdi məlumatlar barədə Qanun artıq hazırlanır və yaxın zamanlarda qəbul olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov "CIDC 2023" çərçivəsində keçirilən "Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?" mövzusunda konfransda çıxışı zamanı deyib.
Samir Rəsulov qeyd edib ki, hər hansı bir informasiya təhlükəsizliyinin həlli tez bir zamanda aktuallığını itirir.
"Bir neçə il üçün öncə SOC-dan (Security Operation Centet) danışırdıq. Hazırda süni intellekt bu sistemi geridə qoyur. Yeni kiber həllər və yeni kibertəhlükəsizlik istiqamətində tədbirlərə ehtiyac duyulur. Bu istiqamətdə risklər dəyişir. Biz çalışırıq ki, bu istiqamətdə müasir həllərdən istifadə edək. Ölkəmizdə kadr potensialının artırılması istiqamətində “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” müstəsna rol oynayır.
Bizim ötən illər ərzində müəyyən təcrübəmiz və statistikamız toplanıb. Müxtəlif təhdidlər zamanı artıq biz hansı alətdən istifadə edəcəyimizi yaxşı bilirik. Eynilə biznes sahəsində də. Dövlət və özəl sektorun kibertəhlükəsizlik məsələlərinin həllində iş birliyi zəruridir", - deyə S.Rəsulov əlavə edib.