Sana Ullah Rathor: Dayanıqlı şəhərlər üçün hökumətlə yanaşı, vətəndaş cəmiyyəti və gənclərin birgə fəaliyyəti həlledicidir
Bakı, 20 may, AZƏRTAC
Qlobal miqyasda tam dayanıqlı şəhərlər yaratmaq üçün təkcə hökumətlərin səyləri kifayət deyil; vətəndaş cəmiyyəti təşkilatları, QHT-lər və cəmiyyətin hər bir təbəqəsindən olan insanlar bu ümumi hədəf naminə birgə çalışmalıdır. Əgər biz bu növ fəaliyyətlərin miqyasını genişləndirsək, şəhərlərimizin iqlim dəyişikliyinə qarşı dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilərik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistan Gənclər Təşkilatının rəhbəri Sana Ullah Rathor deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat şəhərdə Günəş enerjisi, ağacəkmə və ekoloji kənd təsərrüfatı layihələri ilə əhalini üzvi qida ilə təmin etməyə çalışır.
“Rəhbərlik etdiyim Pakistan Gənclər Təşkilatının şəhərimizdə bu ekoloji çağırışlara qarşı apardığı konkret fəaliyyətləri xüsusilə qeyd etmək istərdim. Təşkilatımız yerli icmanın ehtiyaclarını qarşılamaq məqsədilə 30 kilovatlıq Günəş enerjisi sistemi quraşdırıb. Bununla yanaşı, gənclərimizin fəal iştirakı ilə ekoloji tərəvəzçilik, genişmiqyaslı ağacəkmə hərəkatı, meyvəçilik və balıqçılıq layihələri həyata keçiririk. Bu təşəbbüslərin əsas məqsədi yerli icmanı təmiz, üzvi (orqanik) qida məhsulları ilə təmin etməkdir”, – deyə o əlavə edib.