Səbail rayonunun ərazisində 500-dək şam və sərv ağacı əkildi
Bakı, 9 aprel, AZƏRTAC
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Formula-1” üzrə Avropa Qran-prisinin könüllüləri və marşalları ilə birlikdə aprelin 9-da Səbail rayonundakı Dostluq parkında ağacəkmə aksiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi ilə keçirilən aksiyada Abşeron iqliminə uyğun olan 500-dək şam və sərv ağacı əkilib. Tədbir mötəbər idman yarışına ev sahibliyi edən Bakıda yaşıllıq zolaqlarını artırmaq və şəhərin ekoloji mühitinin yaxşılaşdırmaq, eləcə də təbiətə qayğı hissinin güclənməsinə töhfə vermək məqsədilə keçirilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İrana Əhmədova hamının bu işdən zövq aldığını qeyd edərək aksiyanın yüksək əhval-ruhiyyədə keçdiyini bildirib: “Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi “Formula-1” üzrə Avropa Qran-prisinə təqribən iki ay müddətin qaldığı bir ərəfədə 250-yə yaxın əməkdaşımız, yarışın könüllüləri və marşalları Bakını yaşıllaşdırmaq təşəbbüsü ilə çıxış etdilər. Aksiyada iştirak edənlər hərəyə iki ağac əkərək gələcək nəsillər üçün daha təmiz ətraf mühitin miras qalmasına öz töhfələrini verdilər”.
Əməliyyat şirkəti növbəti aylarda da oxşar sosialyönümlü tədbirlər keçirməyi nəzərdə tutub.