Səbinə Əliyeva: Beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı hücumlarına dair 15 müraciət ünvanlanıb
Bakı, 2 aprel, AZƏRTAC
2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistanın Azərbaycan ərazisində mülki əhalini və müxtəlif təyinatlı obyektləri hədəfə alan hücumları ilə əlaqədar ombudsman tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 7 hesabat, 8 bəyanat, videomüraciətlər də daxil olmaqla 15 müraciət ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında illik hesabat məruzəsi ilə çıxış edərkən deyib.
Səbinə Əliyeva bildirib ki, o, 44 günlük müharibə dövründə erməni təcavüzünə məruz qalmış bölgələrə mütəmadi səfər edib, həlak olmuş şəxslərin yaxınları, habelə yaralanmış və zərərçəkmiş sakinlərlə görüşüb. Eləcə də ombudsman tərəfindən dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baxış keçirilib, vətəndaşların dağıntılar nəticəsində yaranmış cari problemlərinin yerində həll edilməsi məqsədilə yerli icra orqanları ilə məsləhətləşmələr aparılıb.
Ombudsman diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalması, həmçinin digər faktlarla bağlı ombudsman tərəfindən beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.