Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları tələbələrlə görüşüblər
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri ilə xidmət əməkdaşlarının görüşü olub.
Muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib. Rektor Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə əməkdaşlıq prosesində xidmətin kollektivinin diqqətindən və göstərdiyi dəstəkdən söhbət açıb, bunun müvafiq ixtisasda təhsil alan tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbədən danışıb. Vurğulayıb ki, Azərbaycan Ordusunun peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı döyüşlərdə öz sözünü dedi. Lakin bu savaşda ən önəmlisi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunu hər kəs görsün. Xidmət rəisi bu günlərdə Günnüt zəfərinin ildönümünün qeyd olunduğunu və həmin zəfərin ordumuzun qüdrətini bir daha nümayiş etdirdiyini söyləyib.
Çıxışlardan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi geyim forması tələbələrə hədiyyə edilib. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirdiyinə görə universitetin müəllimləri Oktay Rzayev və Nazim Həsənova, təlim-tədrisdə fəallıqlarına görə tələbələr Cahangir Seyidov və Zöhrə Abbasovaya fəxri fərman təqdim olunub.
Tədbirin sonunda tələbələr vətənpərvərlik mahnılarını ifa edib, hərbi marşın müşayiəti ilə təntənəli hərbi keçid ediblər.