Şəhid anası İltima Qasımova: Hərbi qulluqçuların ailə üzvləri dövlətin diqqət və qayğısından məmnundurlar
Bakı, 29 yanvar, AZƏRTAC
Şəhid Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən müharibədə həlak olub. Cəsur döyüşçünün anası İltima Qasımova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak edib.
O, AZƏRTAC-ın müxbiri ilə görüş barədə təəssüratlarını bölüşüb: ”İlk növbədə onu deməliyəm ki, dövlət başçısının şəhid vərəsələrinə göstərdiyi bu diqqət və ehtiram hər cür təqdirə layiqdir. Həm də Prezident görüş zamanı çox haqlı olaraq əvvəllər alınan sığorta ödəmələrinin müasir dövrün dəyərləri ilə uyğun gəlmədiyini söylədi. Əlbəttə, şəhid hamı üçün əzizdir və onların arasında ayrı-seçkilik etmək, fərq qoymaq olmaz. Bu mənada Prezidentin şəhid hərbi qulluqçulara birdəfəlik ödəmələr barədə verdiyi son Fərman bu sahədə ədalətin təntənəsidir”.
Şəhid anası deyib: “Oğlumun itkisi məni nə qədər göynədib və ağrıdırsa, onun şəhidlik zirvəsinə yüksəlməsi qəlbimi qürur və iftixar hissi ilə doldurur. Bəhram torpaq, Vətən, xalq uğrunda şəhid olub. İndi o, təkcə mənim oğlum deyil, bütün millətin, xalqın oğludur. Təsəllim bir odur ki, hamı Bəhramı özünə oğul, qardaş, ən yaxın və doğma adam kimi qəbul edir. Mənə toxtaqlıq verən onun əməyinin, apardığı mübarizənin qiymətləndirilməsi, ailəmizə göstərilən maddi və mənəvi dəstəkdir. Dövlət başçısı İlham Əliyevin verdiyi Fərman və Prezident Sarayında şəhidlərin vərəsələri ilə görüşü, şəhidlərə verdiyi qiymət, oradakı ab-hava bunun dövlət səviyyəsində ifadəsinə çevrildi”.