Şəhidlərin adının əbədiləşdirilməsi peşəkar estetik yanaşma və hüquqi məsuliyyət tələb edir RƏY
Bakı, 8 sentyabr, AZƏRTAC
Şəhidlərin xatirəsinə ehtiram Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarından, milli həmrəyliyimizin əsaslarından biridir. Bu ehtiramın ictimai məkanda ifadəsi də həmin xatirənin ucalığına uyğun olmalı, hüquqi məsuliyyətə, mədəni irsə qayğıya və peşəkar estetik yanaşmaya söykənməlidir. Xatirənin müqəddəsliyi onun əbədiləşdirilməsi üçün seçilən vasitələrə qarşı daha yüksək tələb yaradır. Daşların, qayaların, tarixi səthlərin və divarların üzərinə özbaşına adların yazılması anım mədəniyyətinin mahiyyəti ilə ziddiyyət təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Əbülfəz Babazadə səsləndirib.
Onun sözlərinə görə, belə müdaxilələr təbii və tarixi mühitin bütövlüyünü pozur, yaşayış məntəqələrinin görkəminə zərər vurur: “Niyyət nə qədər səmimi olsa da, nəticənin doğurduğu mədəni və ictimai zərərə bəraət qazandıra bilməz. Şəhid adının məsuliyyətsiz müdaxilə ilə əlaqələndirilməsi həmin ada göstərilməli olan həssaslığı da kölgədə qoyur.
Kulturoloji baxımdan memorial məkan cəmiyyətin öz keçmişi ilə ünsiyyət qurduğu, qəhrəmanlıq və fədakarlıq haqqında təsəvvürlərini gələcək nəsillərə ötürdüyü mühitdir. Burada məkan seçimi, bədii həll, yazının məzmunu və materialın keyfiyyəti vahid məna daşıyır. Ölkəmizdə yaradılmış Şəhidlər xiyabanları, abidələr, parklar və memorial komplekslər bu yaddaşın yaşadılmasına xidmət edir. Yeni təşəbbüslər də razılaşdırılmış qaydada, mütəxəssislərin iştirakı ilə həyata keçirilməli, uzunmüddətli qorunma imkanları nəzərə alınmalıdır.
Məsələnin siyasi və ictimai əhəmiyyəti vətəndaş təşəbbüsü ilə ümumi məkan qarşısında məsuliyyətin uzlaşdırılmasındadır. Vətənpərvərlik hüquqa hörmət, ortaq sərvətə qayğı və başqalarının haqlarını nəzərə almaqla möhkəmlənir. İctimai və şəxsi əmlaka, təbiətə və mədəni irsə zərər vuran hərəkətlərə hüquqi qiymət verilməli, qaydalar hamıya bərabər tətbiq olunmalıdır.
Şəhidlərin adını yaşatmaq onların uğrunda can verdikləri Vətənin dəyərlərini qorumaq öhdəliyidir. Bu öhdəlik hər bir anım təşəbbüsündə həm mənəvi ucalıq, həm də mədəni davranış tələb edir”, - deyə o qeyd edib.