Şəki teatrında yeni tamaşaların məşqlərinə başlanılıb
Şəki, 9 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında yeni teatr mövsümündə səhnələşdirilməsi nəzərdə tutulan 4 tamaşadan ikisinin məşqlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Teatrın rəsmisi bildirib ki, türk müəllif Toyğun Orbayın (tərcümə - Dilsuz Mustafayev) “21:15 Qatarı” adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru gənc rejissor Elvin Nuridir. Rolları Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Lalə Məmməd və Rəsul Məmmədrəhimov ifa edirlər. Tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqında təşkil olunan “Rejissor laboratoriyası” üzvlərinin hazırladıqları Türk Tamaşaları Festivalında 2023-cü il martın 3-5-i tarixində nümayiş olunacaq.
Teatrda, həmçinin braziliyalı müəllif Gilyermo Fiqeyredonun “Ezop” pyesi əsasında səhnələşdirilən tamaşanın məşqlərinə də başlanılıb. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir. Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamverdiyeva və başqaları ifa edirlər.
Teatr mövsümünün ikinci yarımilliyində Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Hekayəti-Xırsi-Quldurbasan" əsəri əsasında səhnələşdirilən tamaşa hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidlidir. Səhnə əsəri Azərbaycanda peşəkar teatrın yaranmasının 150 illik yubileyinə həsr olunur.
Bundan əlavə, görkəmli alman ədibi Bertold Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında hazırlanacaq daha bir tamaşa teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli tərəfindən tamaşaya qoyulacaq.