Şəkidə 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Şəki, 31 mart (AZƏRTAC). Martın 31-də Şəkidə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə şəhər icra hakimiyyəti aparatının şöbə müdiri Sadiq Yusifovun “Ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımı hadisələri” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. XIX əsrin sonları, XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə Bakıda və qəzalarda misli görünməmiş soyqırımı həyata keçirmişlər.
Qeyd edilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam etmişdir. 1948-1953-cü illərdə indiki Ermənistan ərazisində öz ata-baba yurdunda yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını öz doğma yurd-yuvalarından qovmaqla etnik təmizləmə siyasətini əsasən başa çatdırmışlar.
Diqqətə çatdırılmışdır ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdır. Yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmış, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı müvafiq fərmanla erməni millətçilərinin hərəkətlərinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilmişdir.