Şəkidə indiyədək 9321 vətəndaş koronavirusa qarşı peyvənd olunub
Şəki, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. İndiyədək 9 min 321 vətəndaş təhlükəli virusa qarşı peyvənd olunub. Onlardan 4 min 580 nəfərinə peyvəndin hər iki dozası vurulub.
Şəhər icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar. Martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsinə başlanılıb. Ümumiyyətlə, bu günədək Şəki rayonu üzrə vətəndaşlara 13 min 901 doza vaksin vurulub. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.