Şəkidə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda onlayn maarifləndirici tədbir keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
Şəki Şəhər Heydər Əliyev Mərkəzinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə narkomaniyanın bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemi olduğu bildirilib. Qeyd olunub ki, xüsusilə yeniyetmə və gəncləri hədəf seçən bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında əksini tapan bu məsələlər insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilən, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib.