Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub




Şəki, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Şəki Dövlət Dram Teatrında konsert keçirilib. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri, ziyalılar, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, konsertin əvvəlində şairin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxış edərək, Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Bəxtiyar Vahabzadə Vətəninə, doğulduğu yerə, soya bağlı bir insan olub, anadan olduğu yurdu – Şəkini çox sevib. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kolorit özünü göstərib.
Konsertdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblının ifasında şairin şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib, dillər əzbəri olan şeirləri ifa olunub.