Şəkidə yeniyetmə mübahisə zəminində 35 yaşlı sakini öldürüb
Şəki, 26 oktyabr, AZƏRTAC
Şəkidə qətl hadisəsi baş verib. 16 yaşlı yeniyetmə özündən 19 yaş böyük şəxsi bıçaqlayaraq öldürüb. Cinayət hadisəsinin ilkin təfərrüatları məlum olub.
AZƏRTAC xəbər verir ki, cinayət hadisəsi şəhərin tarixi məkanlarından olan “Yuxarı Baş” Tarix Memarlıq Qoruğunun ərazisində, M.F.Axundzadə prospektində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə yetkinlik yaşına çatmayan şəxs 35 yaşlı kişini yaşadığı evin yaxınlığında qətlə yetirib. Samir Babayevin (ad şərtidir) Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən Tehran Mustafayevin atası Qüdrət Mustafayev bildirib ki, oğlu Xan Sarayı ərazisində halva satışı ilə məşğul olub. O, hadisəyə səbəb kimi oğlu ilə hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə arasında yaranan mübahisəni göstərir. Onun sözlərinə görə, yeniyetmə ailəsi ilə birlikdə mağaza işlədir. Oğlu Tehran da tez-tez mağazaya gedərək alış-veriş edib. Nə baş veribsə, elə mağazada olub və daha sonra qətl ilə sonlanıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Şəki Rayon Prokurorluğunun müstəntiqi Abbas Qarayev bildirib ki, qətli törədən Samir Babayev şübhəli şəxs qismində tutulub. Hadisə yeri ekspertizadan keçirilib, lazımi istintaq hərəkətləri aparılıb. Hazırda ibtidai istintaq davam edir.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən yeniyetmə evin tək oğludur. Qətlə yetirilən Tehran Mustafayev də ailənin tək oğul övladı olub. Onun 2 övladı var.