Sektor müdiri: Könüllülər sosial və humanitar layihələrdə fəal iştirak edirlər
Bakı, 21 oktyabr, AZƏRTAC
Könüllülər cəmiyyətdə mühüm rol oynayaraq, müxtəlif sahələrdə sosial və humanitar layihələrdə fəal iştirak edir, ehtiyacı olan insanlara dəstək verir və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə verirlər. Bu cür fəaliyyətlər, eyni zamanda, gənclərin fərdi inkişafına və gələcək karyera imkanlarına müsbət təsir göstərir, onların liderlik bacarıqlarını və təşkilatçılıq səriştələrini artırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov oktyabrın 21-də keçirilən Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV hesabat-seçki konfransında çıxışı zamanı söyləyib.
Könüllülərin beynəlxalq miqyasda və ölkədaxili fəaliyyətlərindən danışan H.Nəsibov, “Qayıdış” könüllü proqramının da əhəmiyyətiə toxunub: “Qayıdış” könüllü proqramı əhəmiyyətli nəticələr verib və bu layihə bölgənin bərpası və yenidən qurulması prosesində mühüm rol oynayıb. Bu proqram çərçivəsində gənclər, öz təşəbbüsləri və könüllü əməkləri ilə doğma yurdlarına qayıdan ailələrə dəstək olublar. Bu təşəbbüs azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin sürətləndirilməsinə və həmin ərazilərin iqtisadi və sosial inkişafına öz müsbət təsirini göstərir. Gənclərin bu proqramda iştirakı onların doğma torpaqlara bağlılığını daha da gücləndirir, vətənpərvərlik hisslərini artırır”.