Səməd Seyidov: hazırda regionda Ermənistan-Azərbaycan münaqişəsi kimi aktual məsələ yoxdur
Bakı, 15 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Ermənistan-Azərbaycan münaqişəsi uzun illərdir həll olunmamış qalıb. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun bu məsələ ilə bağlı müəyyən səyləri var. Lakin əfsuslar olsun ki, hər hansı bir nəticə yoxdur. Ümid edirəm ki, bu məsələ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) dondurulmuş münaqişə kimi yox, müzakirə olunan və müəyyən səviyyəyə çata bilən məsələ olacaq. Çünki hazırda regionda bu münaqişə kimi aktual məsələ yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sentyabrın 15-də Milli Məclisdə AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valterlə keçirilən görüşdə deyib. S.Seyidov AŞPA komitəsinin faktaraşdırıcı missiyasının region üçün olduqca vacib və əhəmiyyətli olduğunu qeyd edib.
Ötən dövrdə Ermənistan tərəfinin hər hansı konstruktiv addım atmadığını və heç belə bir fikrinin də olmağını deyən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri deyib: “Əksinə, Ermənistan bu statusu saxlayaraq, konflikti gizlədir və məsələnin AŞPA-da müzakirədən çıxarılması istiqamətində addımlar atır. Bunun üçün də AŞPA-nın siyasi işlər və demokratiya komitəsinə təşəkkür etmək lazımdır ki, səfər çərçivəsində müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu görüşlər Ermənistan-Azərbaycan münaqişəsinin AŞPA-ya, eləcə də Avropaya dolğun çatdırılması üçün olduqca vacibdir”.
Əsas missiyasının regionda son zamanlarda artan zorakılıq və təcavüzlə bağlı məruzə hazırlamaq olduğunu deyən AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valter bildirib: “ATƏT-in Minsk qrupunun səlahiyyətində olan bu məsələnin həllinə inamla yanaşıram. Əminəm ki, cəbhədəki bu zorakılıq dayandırılacaq”.
O, səfər çərçivəsində Azərbaycanın Ermənistanla sərhədindəki hərbi hissələrdə, həmçinin təcavüzə məruz qalan insanlarla görüşlər keçirəcəyini deyib. “Ermənistan tərəfindən də xahiş etmişdim ki, cəbhənin qarşı tərəfində, Dağlıq Qarabağda və Yerevanda görüşlər keçirim. Hesabatın tarazlı şəkildə hazırlanması üçün bu görüşlər olduqca vacibdir. Lakin bütün cəhdlərimə baxmayaraq, Ermənistana, Dağlıq Qarabağa və Azərbaycanın işğal altındakı ərazilərinə səfərim mümkün olmayıb. Ermənistan tərəfinə də bildirmişəm ki, hesabatı 2 ay ərzində hazırlamalıyam. Bu zorakılığın davam edəcəyi təqdirdə hazırlayacağım məruzəni AŞPA-ya təqdim edəcəyəm”, - deyə R.Valter qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin digər müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.