Şəmkirdə uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Şəmkir, 8 fevral, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir rayonunun Keçili kəndində yerləşən 85 yerlik 2 saylı körpələr evi-uşaq bağçası “BP Azerbaijan” şirkətinin dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra körpələrin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Bildirilib ki, bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir.
“BP Azerbaijan” şirkətinə şəmkirlilər adından təşəkkürünü bildirən icra hakimiyyətinin başçısı bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Bu cür layihələrin bundan sonra da davam edəcəyini deyən vitse-prezident bildirib ki, əsaslı təmir olunan, müasir tələblərə cavab verən binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz edilib.
Sonda mərasim iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.