DÜNYA
Serbiyalı nazir: Rusiyanın Ukraynaya hücumunu pisləyirik

Belqrad, 23 sentyabr, AZƏRTAC
Serbiya Rusiyanın Ukraynaya hücumunu pisləyir və bu məsələdə siyasi baxımdan neytral deyil.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç deyib.
Nazir ölkəsinin Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini, BMT və digər beynəlxalq təşkilatlarda rəsmi Kiyevin ərazi bütövlüyünün pozulmasını pisləyən bütün qətnamələrə səs verdiklərini qeyd edib.
İvitsa Daçiç Serbiya-Kosovo məsələsini şərh edərkən bildirib ki, söhbət Kosovodan getdiyi zaman ikili standartlar tətbiq olunur.
O, Avropa İttifaqına (Aİ) üzvlüyün ölkəsinin xarici siyasət prioritetləri arasında olduğunu qeyd edərək deyib: “Fikrimcə, Aİ-yə üzv olmaq, hər bir ölkə üçün prioritet meyarlara cavab verməyi nəzərdə tutan texniki məsələ olmaqla yanaşı, bir növ siyasi qərardır. Hesab edirəm ki, bunun reallaşması region üçün də böyük üstünlük olar”.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç də BMT Baş Assambleyasında çıxışı zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən liderlərə qoşulduğunu bildirib.
O, Serbiyanın münaqişənin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin bəzi ölkələrin BMT-nin qərarlarının icrasında ayrı-seçkilik nümayiş etdirdiyini vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad