SƏRHƏD KEÇİD MƏNTƏQƏLƏRİ YENİDƏNQURULUR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın, iqtisadi münasibətlərin möhkəmləndirilməsi, iki ölkə arasında mal axınının həcminin daha da artırılması sahəsində ortaya çıxan problemləri operativ həll etmək üçün həmsərhəd ərazidə yerləşən "Şirvanovka" və "Novo-Filya" sərhəd keçid məntəqələrinin müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində hər iki tərəfdən konkret işlər görülür. Belə ki, ötən ilin dekabrından başlayaraq Xaçmaz gömrükxanasının Qusar rayonu ərazisində yerləşən "Şirvanovka" sərhəd keçid məntəqəsinin kompleks tikintisinə başlanmışdır. Yerli inşaatçılar tərəfindən bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan kompleksə gömrük və sərhəd xidməti üçün inzibati və yardımçı binalar, talvarlar, nəzarət pavilyonları, piyada keçidi, buraxılış postları, sanitar qovşaqları daxildir. İndiyədək 326 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır.