“ŞƏRQ” TOPLUSUNUN 3-CÜ CİLDİNİN TƏQDİMATI OLMUŞDUR
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilən tədbiri muzeyin direktoru, filologiya elmləri doktoru, professor Rəfael Hüseynov açaraq bildirmişdir ki, kollektiv təxminən üç il bundan əvvəl böyük Nizami xəmsəsinin sayına uyğun olaraq “Şərq”, “Risalə”, “Məclis”, “Qaynaq”, “Xəzinə” adlı toplular çap etməyi qərara almışdı. Bu gün onlardan biri - “Şərq” tərcümə toplusunun üçüncü cildi təqdim olunur.
Toplunun “Nurlan” nəşriyyatında yüksək poliqrafik keyfiyyətdə çap olunduğunu diqqətə çatdıran natiq kitabdakı materialların 4 bölmədə - “Ədəbi-fəlsəfi qaynaqlar”, “Tarixi etnoqrafik mənbələr”, “Çağdaş ədəbi gedişat” və “Ədəbi şəxsiyyətlər, ədəbi incilər” bölmələrində verildiyini, onların hər birinin ədəbiyyatımız və elmimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Hər yaranan kitabı mühüm hadisə kimi qiymətləndirən R.Hüseynov topluda əməyi olanlar təbrik etmişdir.
Tarix elmləri doktoru Şahin Fazil, filologiya elmləri doktoru Sabir Nəbioğlu, muzeyin şöbə müdiri Şəfəq Əlibəyli bildirmişlər ki, Muzeyin təmirdə olmasına baxmayaraq, kollektiv öz fəaliyyətini davam etdirir. “Şərq” toplusunun 3-cü cildinin hazırlanması və nəşr olunması buna əyani sübutdur.
Rəfael Hüseynovun redaktorluğu ilə nəşr edilən cilddə ədəbi, fəlsəfi, tarixi qaynaqlardan mətnlər, çağdaş Şərq ədəbiyyatından nümunələrə, Qərb şərqşünaslarının Şərq mədəniyyətinə dair tədqiqatlarından tərcümələr verilmişdir.
Kitab filoloqlar, tarixçilər, filosoflar, eləcə də Şərq ədəbiyyatı və mədəniyyəti ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabda çətin başa düşülən sözlərin lüğəti də verilmişdir.