“Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatı keçirilmişdir
Bakı, 25 may (AZƏRTAC). Mayın 25-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı yeni “Sərsəng - humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimatı olmuşdur.
AVCİYA-nın vitse-prezidenti, layihənin rəhbəri Vəli Əlibəyov bildirmişdir ki, məqsəd Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdə yerləşən Sərsəng su anbarı daxil olmaqla su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəkləri təhlükənin qarşısının alınmasına nail olunmasıdır.
Qeyd edilmişdir ki, layihənin həyata keçirilməsinə beynəlxalq təşkilatların ekspertlərinin cəlb edilməsi, nəticələrinin Bakı və Brüsseldə keçiriləcək beynəlxalq konfranslarda müzakirəsi və təqdimatı nəzərdə tutulur.
V.Əlibəyov demişdir ki, hazırda işğal altında 4 su anbarı vardır. Onlardan biri də Sərsəng su anbarıdır. Azərbaycanın işğal altında olan ərazilərində yerləşən su anbarları hazırda ölkə ərazisi və əhalisi üçün potensial təhlükə mənbəyidir.
Milli Məclisin deputatı Elxan Süleymanov Sərsəng su anbarı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Tərtərçayı üzərindəki su anbarı 1976-cı ildə inşa edilmişdir. Onun ümumi sututumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbardır. Su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Bu su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna böyük zərər vurmuşdur.