Səudiyyə Ərəbistanı kibertəhlükəsizlik üzrə reytinqdə 13-cü yerdədir
Ər-Riyad, 29 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı dünyanın 175 ölkəsi arasında Beynəlxalq Elektroəlaqə İttifaqı tərəfindən tərtib edilən 2018-ci il ərzində qlobal təhlükəsizlik indeksində 13-cü yeri və ərəb ölkələri arasında birinci yeri tutub. Krallıq 2016-cı ildə bu göstərici üzrə dünyada 46-cı yerdə olub.
AZƏRTAC xəbər verir ki, qlobal kibertəhlükəsizlik indeksi kibertəhlükəsizlik üzrə proqram və təşəbbüslərin yaradıcıları və iştirakçıları olan dünyanın 175 ölkəsində aparılan tədqiqatlar əsasında tərtib edilib.
Səudiyyə Ərəbistanının Kibertəhlükəsizlik üzrə Milli İdarəsinin məlumatına görə, bu nailiyyət ölkədə kibertəhlükəsizlik planlarının və proqramlarının təşəbbüskarları Kral Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən həmin sektora verilən dəstəyin nəticəsidir.
Kibertəhlükəsizlik üzrə Milli İdarə krallıqda kibertəhlükəsizliyin təmini ilə məşğul olan xüsusi təşkilatdır. İdarə hazırkı vəziyyət barədə məlumatları Beynəlxalq Elektroəlaqə İttifaqına təqdim etməklə, onlarla qarşılıqlı fəaliyyət göstərir.
Kibertəhlükəsizlik üzrə dünya reytinqi ildə iki dəfə beş xüsusi meyar əsasında tərtib edilir. BMT-nin Beynəlxalq Elektroəlaqə İttifaqı bu reytinq vasitəsilə kibertəhlükəsizliyin səviyyəsini qaldırmağa və dövlətlər arasında təcrübə mübadiləsini möhkəmlətməyə çalışır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad