Səudiyyə Ərəbistanı Krallığında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasim faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Səfir Tofiq Abdullayev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin iki yüz ilə yaxın dövrü əhatə etdiyini vurğulamış, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində demoqrafik vəziyyətin zorla dəyişdirildiyini, 1905-1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən erməni millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etdiyini, onun ağır fəsadlarının yüz minlərlə soydaşımızın taleyində özünü göstərdiyini qeyd etmişdir.
Səfir müəyyən dövrlərdə bəzi dövlətlərin planlarına uyğun olaraq azərbaycanlıları tarixi torpaqlarından qovaraq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq siyasətini reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparıldığını söyləmiş, bu siyasətin uzun tarixi olmasına baxmayaraq, həqiqətin ümummilli lider Heydər Əliyevin qətiyyətli addımları sayəsində ictimaiyyətə çatdırıldığını və bu hadisələrə də məhz ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hüquqi-siyasi qiymət verildiyini bildirmişdir.
Digər çıxış edənlər ermənilərin dəhşətli əməllərinə bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymət verilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyətini vurğulamış, bu siyasətin hazırda da davam etdiyini və dünya ictimaiyyətinin səssiz qalmasının təəssüf doğurduğunu qeyd etmiş, ölkəmizin rəhbərliyi tərəfindən qondarma “erməni soyqırımı”na qarşı aparılan təbliğat işlərini təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Tədbir boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılmış soyqırımını əks etdirən film nümayiş etdirilmişdir.