Səudiyyə Ərəbistanı neft hasilatına könüllü tətbiq etdiyi məhdudiyyəti dayandırır
Bakı, 8 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı neft hasilatına könüllü tətbiq etdiyi məhdudiyyəti dayandırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı “OPEC+” koalisiyasının ixtisarlarına əlavə olaraq neft istehsalına könüllü tətbiq etdiyi məhdudiyyəti bu ayın sonunda dayandıracaq.
Həmin qərar Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salmanın güclü tələbatın açıq göstəricisi olaraq xarakterizə etdiyi Krallığın neftin satış qiymətlərini artmasından sonra verilib. Nazir deyib: “Könüllü məhdudiyyətlər məqsədinə çatdı və biz bunu dayandırırıq”.
Bu xəbərdən sonra birjalarda xam neftin qiyməti aşağı düşüb.
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay - iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Körfəzdəki ən yaxın müttəfiqlərinin töhfəsi ilə iyun ayı üzrə əlavə hasilat məhdudiyyəti gündəlik 1,2 milyon barrelə bərabərdir. Bu həcmlə birgə OPEC-in koronavirusun təsirini tarazlaşdırmaq üçün bazardan ixtisar etdiyi neft gündəlik 11 milyon barrelə çatır.