İQTİSADİYYAT
Seuldakı “Azərbaycan evi” ölkəmizdə istehsal edilən qeyri-neft sektoru məhsullarını tanıdır VİDEO
Seul, 9 iyun, AZƏRTAC
Azərbaycanda istehsal edilən qeyri-neft sektoru məhsullarının xarici ölkələrə ixracının stimullaşdırılmasına dair ölkə rəhbərliyi tərəfindən verilmiş göstərişlərə müvafiq olaraq Azərbaycanın Koreya Respublikasındakı səfirliyi zəruri işlər görür.
Azərbaycanın Koreyada tanıdılması və ölkəmizdə istehsal edilən məhsulların Koreya bazarında təqdim olunması istiqamətində təbliğat işinin aparılması səfirliyin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Belə ki, ölkəmizdə istehsal olunan və “Made in Azerbaijan” brendi altında ixrac edilən məhsulların çeşidləri və keyfiyyəti barədə məlumatlar Koreyanın kütləvi informasiya vasitələri, idxal şirkətləri və həmin şirkətlərin təmsil olunduqları assosiasiyalar arasında yayılır. Ətrafında 8 mindən artıq idxalçı şirkəti cəmləşdirən Koreya İdxalçılar Assosiasiyası (KOIMA) ilə qurulmuş əməkdaşlıq əlaqələri sayəsində KOIMA-nın təşkil etdiyi sərgilərdə Azərbaycan məhsulları nümayiş olunur.
Azərbaycanda istehsal olunan ixracyönümlü məhsullarının mütəmadi qaydada sərgilənməsi məqsədilə ölkəmizin Seuldakı səfirliyi nəzdində “Azərbaycan evi” fəaliyyət göstərir. “Azərbaycan evi”ndə ölkəmizdə istehsal edilən məhsullara maraq göstərən koreyalı iş adamlarının məhsullarla əyani tanış olmalarına və məhsulları istehsal edən Azərbaycan şirkətləri barədə məlumat əldə etmələrinə imkan yaradılıb. “Azərbaycan evi” həm də Azərbaycan mədəniyyətinin və turizm imkanlarının təbliği istiqamətində də fəaliyyət göstərir.
Səfirlik, həmçinin Koreyada təşkil olunan qida sərgilərində Azərbaycanda istehsal olunan nar, nar şirələri, nardan hazırlanan digər məhsullar, fındıq, pendir, kompotlar, meyvə konservləri, cemlər, şərablar və s. məhsulları təqdim edir. Görülmüş işlər nəticəsində Koreya şirkəti tərəfindən idxal edilən Azərbaycanın nar şirələri və nardan hazırlanan digər məhsulları artıq Koreyanın böyük marketlərində satılmağa başlanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul