Sığortaçılar Assosiasiyası: Yerli əhalinin sığorta ilə bağlı məlumatlılığı qənaətbəxş deyil
Bakı, 23 dekabr, AZƏRTAC
Bu gün istənilən xidmət sahəsi ilə bağlı əhalidə və sahibkarlıq subyektlərində məlumatlılığın və maarifləndirmənin təmin olunması prioritet istiqamət olmalıdır. Yerli əhalinin və sahibkarların sığorta ilə bağlı məlumatlılığı və yanaşması bizi qane etmir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.
“Biz sığortaçılar mövcud və potensial sığortalılarda məhdud məlumatlılıqla yanaşı, sığorta xidmətlərinə qarşı konspirativ və konservativ yanaşmanı da müşahidə edirik. Lakin sevindirici haldır ki, mövcud yanaşma mərhələli şəkildə aradan qaldırılır və məlumatlılıq təmin olunur. Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanmışdı. Müvafiq sənədə əsasən, 2021-ci ildən etibarən memorandum tərəfləri ilə sığorta şirkətləri birlikdə ölkə ərazisində sığorta savadlılığının artırılması ilə bağlı layihənin icrasına başlayıb. 2021-ci ildə ölkə əhalisində risk fərqindəliyinin formalaşdırılması, risklərin tənzimlənməsində sığorta mexanizminin rolu istiqamətində geniş təbliğat tədbirləri aparıldı. Nəticədə sektorda böyümə trendi təmin olundu. Müvafiq layihə çərçivəsində 2022-ci ildə daha çox konkret sığorta növləri üzrə maarifləndirmə işləri aparıldı. Burada biz daşınmaz əmlakın icbari sığortası və Kasko sığortası növlərini misal göstərə bilərik. Bildirmək istəyirəm ki, müvafiq layihə 2023-cü ildə də davam etdiriləcək və əhali ilə yanaşı, biznes subyektləri də sığortanın vacibliyi və əhəmiyyəti ilə bağlı məlumatlandırılacaqlar”, - deyə E.Mirsalayev qeyd edib.
ASA-nın sahibkarlarda sığorta vərdişlərinin formalaşdırılması və onların sığorta məlumatlılığının təmin olunması yönündə də ciddi addımlar atdığını diqqətə çatdıran icraçı direktor deyib: “Dekabrda ASA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi arasında baş tutan görüşdə də hər iki qurum sahibkarların sığortaya cəlb edilməsi ilə bağlı birgə layihələrin icra edilməsi ilə bağlı razılığa gəldi. 2023-cü ildə KOBİA ilə birlikdə xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların sığortaya əlçatanlıqlarının təmin olunması ilə bağlı müxtəlif genişmiqyaslı layihələr həyata keçirəcəyik”.