ŞİMAL BÖLGƏLƏRİNDƏ YANĞINLAR BAŞ VERMİŞDİR
Bakı, 29 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, iyulun 27-də saat 13:30 radələrində Şabran rayonunun Xəlifələr, Düzbilici, Qorğan, Sumağa, Qazma və Pirəbədil kəndləri ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında qanunun” 9-cu maddəsinin 2-ci bəndinin tələbləri pozularaq taxılı biçilmiş sahələrdə kövşənlər yandırılmışdır. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirmiş və hətta adları çəkilən kəndlərin yanma təhlükəsi yaranmışdır.
Yanğın ETSN-in yerli qurumlarının, Şabran rayon İcra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Şabran rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının, habelə yerli əhalinin səyləri nəticəsində saat 21:00 radələrində söndürülmüş, yanğının meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Bundan başqa, həmin gün Siyəzən rayonunun Calğan və Qozağacı kəndləri ərazisində də kövşənlərin yandırılması nəticəsində yanğın hadisəsi baş vermiş və genişlənərək 1000 hektardan artıq bələdiyyə torpaqlarının ərazisini əhatə etmişdir. Yanğın həm də Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1,5 hektar meşə fonduna keçmişdir.
ETSN-in yerli qurumlarının, ərazidə işləyən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin 23 saylı tikinti sahəsinin işçilərinin səyləri nəticəsində yanğın söndürülmüş, meşə fondunda təbii otlar yansa da, ağaclara ziyan dəyməmişdir.
Həmçinin, 27 iyul tarixdə saat 15:40 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ilə Xudat şəhəri arasında dəmiryolu mühafizə zolağı ərazisində daha bir yanğın hadisəsi baş vermişdir. Yanğına səbəb dəmiryolunun kənarında təmizləmə işləri aparan dəmiryolçuların ehtiyatsızlığı olmuşdur. Yanğın zamanı 0,7 hektar ərazidəki quru ot və kollar yanmışdır.
ETSN-in yerli qurumlarının, yerli əhalinin və dəmiryolçuların köməyi ilə yanğın qısa müddət ərzində söndürülmüş və onun meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.