REGİONLAR
Şimal bölgəsindən olan 1019 abituriyent Xaçmaz şəhərində biliklərini sınayıb VİDEO
Xaçmaz, 20 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1019 məzun dörd mərkəzdə imtahan veriblər.
Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan məzunların iştirak etdiyi imtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Əvvəlcə binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahanlara 112 nəzarətçi müəllim, o cümlədən 15 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.