CƏMİYYƏT
Şimali Taurid meteor yağışını ölkəmizdə də müşahidə etmək mümkündür - AÇIQLAMA
Şamaxı, 11 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Noyabrın 11-12-si Şimali Taurid meteor yağışının pik vaxtıdır. Meteor yağışını gecə yarısından sonra, açıq və işıq kirliliyinin az olduğu ərazilərdə, şəhərdən uzaq yerlərdə daha yaxşı izləmək olar. Bu təbiət hadisəsini ölkəmizdə də müşahidə etmək mümkündür.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova deyib.
Onun sözlərinə görə, Taurid meteor yağışı hər il payız aylarında baş verir və geniş dövrü əhatə edir: “Tauridlər adlarını Buğa (Taurus) bürcündən alır və bu meteor yağışı iki əsas axına ayrılır: Şimali Tauridlər və Cənubi Tauridlər. Hər iki axın oktyabr və dekabr ayları arasında aktivləşir, lakin onların pik həddi fərqli vaxtlara təsadüf edir. Belə ki, Cənubi Taurid yağışı 10 oktyabr - 20 noyabr tarixləri arasında daha çox görünür və pik nöqtəsi 4-5 noyabrda olur. Şimali Taurid yağışı isə 20 oktyabr - 10 dekabr arasında aktiv olur, pik həddi 11-12 noyabrda müşahidə edilir”.
Onun sözlərinə görə, Şimali Taurid digər meteor yağışlarından fərqli olaraq parlaq və yavaş hərəkət edən meteorlara malikdir. Bu meteor axını digər meteor yağışları ilə müqayisədə daha az sayda, lakin daha parlaq meteorları ilə diqqət çəkir. Şimali Taurid meteor yağışının mənbəyi 2P/Enke kometidir. 2P/Enke kometi Günəş ətrafında 3,3 illik periodla dövr edərək, öz orbitində böyük miqdarda toz və kiçik qaya hissəcikləri buraxır. Bu hissəciklər Yerin atmosferinə daxil olduqda parlaq meteorlara çevrilir və nəticədə Taurid meteor yağışı meydana gəlir.
Qeyd edək ki, noyabr ayında baş verən digər meteor yağışı Leonid meteor yağışıdır. Bu meteor yağışının pik vaxtı 18-19 noyabr tarixlərinə təsadüf edəcək və bu dövrdə çoxlu sayda meteor müşahidə edilməsi gözlənilir.