DÜNYA
Şinzo Abe təbii fəlakətdən zərər çəkmiş rayonların tam bərpa olunacağını vəd edib
Tokio, 9 mart, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Nazirlər Kabinetinin müvafiq qurumlarına 2011-ci ilin martında baş vermiş zəlzələ və sunami nəticəsində zərər çəkmiş rayonların bərpasının sürətləndirilməsi barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə tapşırığını təbii fəlakətin səkkiz illiyi ərəfəsində öz iqamətgahında keçirilən toplantıda bəyan edib.
Ş.Abe qeyd edib ki, hökumət Yaponiyanın şimal-şərqində sunamidən və Fukuşima prefekturasındakı AES-də baş verən qəzadan zərər çəkən regionların tam bərpasını təmin etməlidir.
Baş nazir kabinetin üzvlərinə deyib ki, o, təbii fəlakətdən sonra bərpa məsələləri ilə məşğul olan və 2021-ci ildə fəaliyyəti başa çatacaq idarənin əvəzində yeni qurum yaratmaq niyyətindədir.
Nazirlər Kabinetinin iclasında yeni qurumun fəaliyyəti ilə bağlı baza normalarının qəbul edildiyi bildirilir. Onun fəaliyyəti ilə hökumətin tərkibinə daxil ediləcək yeni nazirin məşğul olacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio