Orxan Məmmədov: KOBİA müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına dəstək verməyə sadiqdir
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycanda bütün biznes subyektlərinin 99,7 faizini təşkil edən kiçik və orta müəssisələrin dəstəklənməsi, onların regional və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “KOB-ların regional dəyər və təchizat zəncirlərinə qoşulması, ticarət sürtünməsinin azaldılması, sifarişlərin icrasına imkan verilməsi və KOB-ların əlaqələndirilməsi” mövzusunda sessiyada çıxışı zamanı deyib.
“Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində uzanan mühüm ticarət marşrutlarının kəsişməsində yerləşir. Bu mövqe ticarət, investisiya və biznes əməkdaşlığının inkişafı üçün mühüm imkanlar yaradır. Həyata keçirilən islahatlar və dəstək proqramları vasitəsilə biz sahibkarlığın gücləndirilməsi, ixracın artırılması, innovasiyaların təşviqi və KOB-ların xarici bazarlara çıxışının təmin edilməsi istiqamətində fəaliyyət göstəririk. KOBİA olaraq müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına, rəqəmsal həllərin tətbiqinə və yeni bazar imkanlarından faydalanmasına dəstək verməyə sadiqik. Eyni zamanda daha dayanıqlı və güclü təchizat zəncirlərinin formalaşması sərhədlərarası əməkdaşlıq tələb edir. Birgə fəaliyyət göstərməklə biz ticarət maneələrini azalda, əlaqəliliyi gücləndirə və KOB-ların inkişafı üçün daha əlverişli imkanlar yarada bilərik”, - deyə KOBİA sədri bildirib.
O.Məmmədov bildirib ki, bugünkü sessiya təcrübə mübadiləsi aparmaq, praktik həll yollarını müzakirə etmək və KOB-ların regional və qlobal dəyər zəncirlərində fəal iştirakını təmin edəcək yeni yanaşmaları araşdırmaq üçün dəyərli fürsət yaradır.