Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
Berlin, 18 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Keniyanın Mombasa şəhərində keçirilən “Okeanlarımız konfransı 2026” çərçivəsində okeanların qorunması, dayanıqlı balıqçılıq və dəniz təhlükəsizliyinin gücləndirilməsi üçün 338,35 milyon avro həcmində yeni maliyyə öhdəliyi götürüb.
AZƏRTAC xəbər verir ki, Aİ-nin balıqçılıq və okeanlar üzrə komissarı Kostas Kadis ayrılan vəsaitin qlobal səviyyədə təhlükəsiz, təmiz, sağlam və dayanıqlı şəkildə idarə olunan okeanların təmin edilməsinə yönəldiləcəyini bildirib.
“Bizim okeanımız, bizim irsimiz, bizim gələcəyimiz” şüarı altında keçirilən konfrans hökumətləri, vətəndaş cəmiyyətini və sənaye nümayəndələrini bir araya gətirərək, dənizlərin qorunması və sahilyanı icmaların dayanıqlı inkişafı üçün qlobal əməkdaşlığı təşviq edir. Bu yanaşma Avropa Komissiyasının yeni qəbul etdiyi Sahilyanı İcmalar Strategiyası ilə də uyğunluq təşkil edir.
Aİ maliyyə paketi çərçivəsində okean müşahidə sistemlərinin gücləndirilməsini və dəniz siyasətində elmiəsaslı qərarların dəstəklənməsini nəzərdə tutur. Bununla yanaşı, Somalinin cənubunda, Afrika Buynuzunda və Ədən körfəzində dəniz təhlükəsizliyinin artırılması, piratçılıq və təhlükəli gəmiçilik hallarına qarşı mübarizə də prioritet istiqamətlər arasında yer alır.
Vəsait, həmçinin Afrika ölkələrində dayanıqlı mavi iqtisadiyyatın inkişafına, qeyri-qanuni, hesabat verilməyən və tənzimlənməyən balıqçılığa qarşı mübarizəyə, okeanların çirklənməsinin azaldılmasına və zərər görmüş ekosistemlərin bərpasına yönəldiləcək.
Aİ-nin yeni maliyyə öhdəliyi mühafizə olunan su hövzələrinin genişləndirilməsini, dərin dəniz biomüxtəlifliyinin elmi tədqiqatlarını və qlobal ekoloji hədəflərin möhkəmləndirilməsini də əhatə edir.