Azərbaycanın və Banqladeşin XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun bu nüfuzlu vəzifəyə seçilməsinin Banqladeşin beynəlxalq aləmdə artan rolunun göstəricisi olduğu vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd ediblər.
Nazirlər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu çərçivədə BMT, Qoşulmama Hərəkatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstəyin və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı nazirlər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.