Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairə Xurşidbanu Natəvanın obrazının monumental sənətdə təcəssümü Azərbaycan təsviri sənətində xüsusi yer tutur. Bakının mərkəzində, Azərbaycan Yazıçılar İttifaqının binasının fasadında, Natəvan Klubunun girişində yerləşdirilən barelyef də bu baxımdan diqqətçəkən sənət nümunələrindən biridir.
Barelyefin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı professor Natiq Əliyev əsərin yaranma tarixçəsi, kompozisiya həlli ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, bu iş onun yaradıcılıq fəaliyyətində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri olub.
“Gənc yaşlarımda ikən Azərbaycan Yazıçılar İttifaqı tərəfindən mənə müraciət olundu. Hazırladığım eskizləri onlara təqdim etdim və layihə bəyənildi. Daha sonra barelyef Yazıçılar İttifaqının binasının fasadında, Natəvan Klubunun giriş tərəfində quraşdırıldı”, – deyə Xalq rəssamı qeyd edib.

Onun sözlərinə görə, barelyefin açılış mərasimi də keçirilib. Həmin tədbirdə görkəmli şair Vaqif Səmədoğlu çıxış edib və rəssam üçün onunla görüşmək imkanı xüsusi xatirə kimi yadda qalıb.
“Mən o vaxt nisbətən gənc idim. Natəvanın barelyefini yaratmaq yaradıcılığımın ilk illərində mühüm əsərlərimdən biri oldu. Çünki bu əsər Bakıda, hər kəsin görəcəyi bir məkanda yerləşdiriləcəkdi”, – deyə Natiq Əliyev bildirib.
Rəssamın sözlərinə görə, əsər üzərində işləyərkən Natəvanın mövcud fotoşəkillərindən istifadə edib və obrazı həmin materiallar əsasında formalaşdırmağa çalışıb. İşin icrası üçün konkret vaxt məhdudiyyətinin qoyulmaması isə ona barelyef üzərində daha sərbəst və ətraflı işləmək imkanı yaradıb: “Çalışdım ki, barelyefdə Natəvanın obrazını açım və ona poetik çalarlar əlavə edim. Kompozisiyada onun əlində lələk təsvir etmişəm. Əslində, bu atribut qələm də ola bilərdi və tarixi baxımdan qələm daha doğru seçim sayılır. Lakin mən lələyi simvolik məna daşıyan bir element kimi istifadə etmişəm”, – deyə Xalq rəssamı vurğulayıb.
Kompozisiyanın digər mühüm elementi isə şamdandır. Rəssamın fikrincə, bu detal yazıçı və şair üçün səciyyəvi olan yaradıcı mühiti və poetik atmosferi ifadə edir. Lələk, şamdan və digər kompozisiya elementləri birlikdə Natəvanın yaradıcı dünyasını, poetik ruhunu və mənəvi aurasını canlandırmağa xidmət edir.
Natiq Əliyev bildirib ki, əsəri yaradarkən əsas məqsədi Natəvanı yalnız portret kimi təqdim etmək olmayıb: “Ümumilikdə istəyim Natəvanı yalnız portret kimi deyil, həm də yaradıcı insan obrazı və onun daxili aləmini əks etdirən bədii kompozisiya şəklində təqdim etmək idi”.
Beləliklə, barelyefdə Natəvanın zahiri portret cizgiləri ilə yanaşı, onun şair və yaradıcı şəxsiyyətini xarakterizə edən simvolik elementlər də ön plana çəkilib. Əsər bu xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatının görkəmli simalarından birinin obrazının monumental sənətdə bədii ifadəsinə nümunə təşkil edir.